İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.

Dövlət başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti səfərindən məmnunluğunu ifadə edib, ölkələr arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulayıb.

Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib.

Leo Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.

Prezident İlham Əliyev iqtisadi əlaqələrin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd etdi.

Dövlət başçısı Azərbaycana qoyulan investisiyaların Azərbaycana göstərilən inamı nümayiş etdirdiyini məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək Azərbaycanın regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.

Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.