Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstan Yaşıl Enerji Dəhlizi layihəsinin icrasını müzakirə edəcək
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Rumıniyanın ev sahibliyi ilə keçiriləcək Yaşıl Enerji Dəhlizinin (YED) 13-cü nazirlər görüşündə iştirak edəcək.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplantıda Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstan nümayəndələri Yaşıl Enerji Dəhlizi layihəsinin icrası ilə bağlı əldə olunan irəliləyişi müzakirə edəcəklər.
Görüşdə layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri və növbəti mərhələdə atılacaq addımlar nəzərdən keçiriləcək. Layihənin praktiki icrası üçün zəruri tədbirlərin müəyyənləşdirilməsinə də diqqət yetiriləcək.
Gürcüstan nümayəndə heyətinə Mariam Kvrivişvili ilə yanaşı, iqtisadiyyat və davamlı inkişaf nazirinin müavinləri Genadi Arveladze və İnqa Pxaladze daxildir.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” dördtərəfli saziş imzalanıb.
Saziş Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı elektrik kabeli vasitəsilə Cənubi Qafqaz və Avropa arasında yaşıl enerjinin ötürülməsi üçün yeni marşrutun yaradılmasını nəzərdə tutur.
Layihənin enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və regionun strateji əhəmiyyətinin artırılmasına töhfə verəcəyi bildirilir.
Bizi WhatsApp – da izləyin.