Marneulidə AZƏRTAC-ın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi keçirilib – FOTO
Noyabrın 30-da Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi təşkil edilib. Konfrans və fotosərgi AZƏRTAC-ın təşəbbüsü və “Azərbaycan Evi”nin birgə təşkilatçılığı ilə keçirilib.
RealNews.ge xəbər verir ki, sərgidə fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, habelə dünya liderləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunub.
Sərgi salonunda Azərbaycan incəsənət ustalarının Ulu Öndərə həsr olunmuş mahnıları səsləndirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov, Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, sakrebulun üzvü Anar Piriyev, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından ziyalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək, Ümummilli Liderin həyat və fəaliyyətindən, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, gürcü xalqının da qarşısında danılmaz, böyük xidmətləri olub. Bu günlərdə Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü qeyd edilib. Ötən illər ərzində ölkələrimiz arasında 100-dən çox vacib, dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafında mühüm rol oynayır.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə cari ilin “Heydər Əliyev İli” elan olunduğunu vurğulayıb. Bildirib ki, səfirlik tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planı hazırlanıb və bu planla Gürcüstanda da silsilə tədbirlər keçirilib. Tbilisidəki Botanika bağında “Heydər Əliyev adına nar bağı” salınıb, paytaxt Tbilisidə və regionlarda böyük sərgilər, konsert və digər tədbirlər təşkil olunub. Bu cür tədbirlər bundan sonra da davam edəcək. O, ölkə və hökumət başçılarının qarşılıqlı səfərlərin, Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvilinin keçirdiyi görüşlərin və müzakirə olunan məsələlərin mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib.
Diplomat AZƏRTAC-ın təşəbbüsü və “Azərbaycan Evi”nin birgə təşkilatçılığı çərçivəsində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.
Sonda çay süfrəsi təşkil olunub, qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.