Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb.
Sərgi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Sərgidə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kamal Əhməd, Gürcüstan Rəssamlar İttifaqının sədri Guram Terstvadze, Gia Mrkozaşvili, Xatuna Sonqulaşvili, Tamaz Mixedlişvili, Teymuraz Kiknavelidze, heykəltaraş Merab Xutaişvilinin 25-dən çox əsəri nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyinin əməkdaşları, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, iş adamları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Faiq Quliyev sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkür edib. Bildirib ki, Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərginin təşkili ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsinin və bizim möhkəm dostluğumuzun bariz nümunəsidir.