Kobaxidze: Avropalı bürokratlar qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər
Avropa siyasətçiləri və bürokratlarının ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj vasitəsi kimi istifadə etdiyini görürük.
Bunu baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
“Biz hamımız 2021-ci il seçkilərinə bir neçə həftə qalmış seçkilərə qeyri-legitim təsir göstərmək üçün Gürcüstana 75 milyon avroluq krediti necə ləğv etməyi planlaşdırdıqlarını xatırlayırıq. Bənzər addım 2024-cü il parlament seçkiləri öncəsi də atılmışdı, lakin bu, gürcü xalqının seçiminə heç bir təsir göstərə bilmədi. Puldan şantaj üçün istifadə etmək özünə hörmət edən gürcü xalqı üçün heç vaxt məqbul olmayacaq təhqiramiz bir təcrübədir” – deyə baş nazir bildirib.
Hökumət başçısı namizəd statusundan da şantaj məqsədilə istifadə edildiyini deyib.
“Namizədin statusu məsələsinin Gürcüstanı şantaj etmək, ölkəyə xaos gətirmək və cəmiyyəti sıxışdırmaq üçün necə istifadə edildiyi hamımızın yadındadır. Ukraynada müharibənin başlaması fonunda Gürcüstanın sülhə ən çox ehtiyacı olduğu bir vaxtda bəzi avropalı siyasətçilər və bürokratlar namizəd statusu mövzusundan istifadə edərək ölkədə inqilab təşkil etməyə cəhd ediblər. Avropa İttifaqından maliyyə alan təşkilatlar sözügedən inqilab cəhdində açıq şəkildə iştirak ediblər. 2 ilə yaxındır ki, namizəd statusu mövzusu Gürcüstanda radikalizmin və qütbləşmənin qızışdırılması üçün əsas vasitə kimi istifadə olunub ki, bu da Gürcüstana qeyri-sağlam münasibəti bir daha göstərir” – deyə İrakli Kobaxidze bildirib.
Bizi WhatsApp – da izləyin.