DİQQƏT! Mikroavtobus və avtobuslarla sərnişin daşımalarda yeni qaydalar…
Avtobus və mikroavtobuslarla sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələrində sürət məhdudlaşdırıcı qurğular quraşdırılacaq.
“Yol Təhlükəsizliyi Tərəfdaşlığı Fondu”nun direktoru İrakli İzoria bəyan edib ki, bu tənzimləmənin məqsədi sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməkdir.
Onun sözlərinə görə, sürət məhdudlaşdırıcı qurğulardan əlavə, bu tip mikroavtobuslar və avtobuslara takoqraflar da quraşdırılacaq.
“Uzun illərdir ki, şəhərlərarası sərnişin daşınmaları ilə bağlı problemlər mövcuddur. Mikroavtobusların iştirakı ilə çoxlu sayda yol nəqliyyat hadisələri baş verib, avtobusların iştirakı ilə isə bu rəqəm nisbətən azdır. Avropa direktivlərinə uyğun olaraq Gürcüstanın sürətlə bağlı bir sıra qaydalara riayət etməsi tələb olunur. Bu qaydalardan biri sürət məhdudlaşdırıcı qurğunun olmasıdır.
Həmçinin, bilirik ki, takoqraflar da olmalıdır. Bu, avtobus və mikroavtobuslarda quraşdırılan bir sistemdir. Patrul xidməti 30 gün ərzində bu məlumatları çıxarıb yoxlaya bilər: sürücü sürəti harada aşdı, istirahət etdi, ya etmədi və s. Bu sürət məhdudlaşdırıcı qurğular takoqrafla birlikdə quraşdırılacaq,” – deyə İzoria bildirib.
İzorianın sözlərinə görə, takoqrafların və sürət məhdudlaşdırıcı qurğuların quraşdırılması öhdəliyi 2025-ci ildən etibarən avtovağzallarla bağlı tənzimləmələrin qüvvəyə minməsi ilə paralel olaraq həyata keçiriləcək.