Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına yeni uşaq bağçası tikilir
Azərbaycanının Gürcüstandakı səfiri Faiq Quliyev, Saqareco meri Aftandil Qulikaşvili bələdiyyənin Yor Muğanlı (Qaraçöp) kəndində yeni inşa olunan uşaq bağçasında görülən işlərin gedişi ilə maraqlanıblar.
Uşaq bağçası Azərbaycan dövlətinin başçısının tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına inşa olunur.
Bildirilib ki, 150 yerlik uşaq bağçasının tikintisinə 2023-ci ilin aprel ayında başalanılıb. Binada körpə fidanların təlim-tərbiyəsi, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb. Hazırda uşaq bağçasında son tamamlama işləri həyata keçirilir. Tikinti işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.
Səfir və mer uşaq bağçasının binasını gəzib, görülən işlərlə tanış olub, lazımi tapşırıq və tövsiyələrini veriblər.
Səfir Faiq Quliyev deyib ki, Azərbaycan dövləti Gürcüstanda Azərbaycanlılarına daim diqqət və qayğı göstərir. Bu günə qədər Gürcüstanda Azərbaycan dövlətinin dəstəyi ilə bir neçə məktəb, mədəniyyət ocaqları, idman kompleksləri, uşaq bağçaları tikilərək istifadəyə verilib. Onlarla sosial obyekt əsaslı təmir olunub. Onun sözlərinə görə, bu cür təbirlər bundan sonra da davam etdiriləcək.
Mer Avtandil Quliqaşvili bağçanın tikintisinə göstərdiyi köməyə görə Azərbaycan dövlətinə və səfirə minnətdarlığını bildirib. O Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial layihələrin dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi olduğunu bildirib.