TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ: Təhsil haqqının ödənilməsi üçün müraciətlər 10 mart tarixində yekunlaşacaq

Məlum olduğu kimi 2008-2009-cu tədris ilindən etibarən “1+4” proqramı üzrə Gürcüstan dövlət ali təhsil müəssisələrində təhsil alan Gürcüstan vətəndaşı azərbaycanlı tələbələrin təhsil haqqı SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən həyata keçirilir.

Bu barədə SOCAR-ın Gürcüstan nümayəndəliyi məlumat yayıb.

“Qeyd etmək istəyirik ki, 2022-2023-cü tədris ilindən etibarən soydaş tələbələr tərəfindən sözügedən proqram üzrə edilən müvafiq müraciətlər https://myscholarship.ge/ saytı vasitəsilə həyata keçirilir.

“1+4” proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin 1-ci semestri üzrə soydaş tələbələrin təhsil haqqının ödənilməsi üçün müraciətlər 1 mart tarixindən etibarən başlamışdır və 10 mart tarixində yekunlaşacaqdır.

Bununla əlaqədar, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən “1+4” proqramı üzrə təhsil haqqının ödənilməsində dəstək istəyən tələbələrin qeyd edilən tarixlərdə göstərilən tələbə portalına daxil olaraq müraciət etmələrinin vacib olduğunu xatırlatmaq istəyirik.” – deyə məlumatda bildirilib.