Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.

Bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verildi.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirdi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.