Rustavidə yeni Azərbaycandilli kitabxana fəaliyyətə başlayıb
Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət komitəsi tərəfindən yeni açılmış uşaq kitabxanasına Azərbaycan uşaq ədəbiyyatı, uşaq ensiklopediyyası, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunmuş nümunələri hədiyyə olunub.
Mərkəzin direktoru Raida Dərziyeva Rustavi şəhərində Azərbaycan dilində uşaq ədəbiyyatına böyük ehtiyac duyulduğunu bildirib: “Düşünürəm ki, komitə tərəfindən bizə hədiyyə olunan kitablar mərkəzimizə daha çox sayda uşaqların cəlb olunmasına öz töhvəsini verəcək. Bundan əlavə biz Azərbaycan uşaq ədəbiyyatı ilə yanaşı, gürcü dilindədə uşaq ədəbiyyatının əldə olunması üçün yerli şəhər meryasına məktubla müraciət etmək niyyətindəyik. Fürsətdən istifadə edib, Rustavi şəhəri və ətraf kəndlərdə yaşayan məktəb şagirdlərinin bizim kitabxanada mövcud olan kitablardan istifadə etməyə dəvət edirik. Təbiki kitabların siyahisi xüsusi tərtib olunmuş qaydada istifadəçilərin ixtiyarına veriləcək” – deyə mərkəzin direktoru vurğulayıb.
Diasporla İş Üzrə Dövlət komitəsinin nümayəndəsi Sabit Məmmədov, komitə tərəfindən daim Gürcüstanda yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğıdan söhbət açıb və bu cür ənənələrin gələcəkdədə mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.
Bundan başqa sabiq deputat Mahir Dərziyev öz şəxsi kitabxanasından yeni açılmış bu Azərbaycan ocağına 100 ədəd Azərbaycan dilində kitablar hədiyyə edəcəyini bildirib.
Qeyd edək ki, komitənin dəstəyi ilə Rustavi şəhərində fəaliyyət göstərən Uşaq kitabxanası gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə və doğma dilində mütaliyə etməsinə sövq edəcək.