Bakıda keçirilən I Türk İnteqrasiya Olimpiadasında Gürcüstan azərbaycanlıları medallar qazanıblar – FOTO

Bakıda I Türk İnteqrasiya Olimpiadası (TİO) keçirilib.

Tbilisidə fəaliyyət göstərən Alyans Gənnclər Mərkəzinin sədri Leyla Əmrahova xəbər verir ki, olimpiadaya Gürcüstanın fərqli bölgələrindən altı iştirakçı ilə SOYDAŞ İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlının və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatılıblar.

Xanım Əmrahova qeyd edib ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.

Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.
TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.

Olimpiadanın dörd əsas məqsədi var:
* Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
* Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
* Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
* Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Gürcüstan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri.

Olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edib.

 

Gürcüstan heyətinin rəhbəri Leyla Əmrahova qeyd edib ki, olimpiadada 2 gümüş, 4 bürünc medal qazanıblar.

Gümüş medal qazananlar:

Simar Bayramov (Marneuli)
Şarabanu Nənəcənova (Bolnis)

Bürünc medal:

Nəzrin Qəmbərli(Tiflis)
Zəhra Əliyeva (Qardabani)
Mürsəl Xıdırov (Dmanisi)
Zenfira Mamedova(Rustavi)