Bu gün Yel çərşənbəsidir – Adət-ənənələr və inanclar

Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun gəlişi dörd çərşənbə ilə müjdələnir. Yel çərşənbəsi – Novruzun üçüncü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi” və ya “Yelli çərşənbə” kimi də tanınır.

RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, xalq inancına görə, bu çərşənbədə yerin altındakı sular oyanır, hava isinməyə başlayır və küləklər torpağa can verir. Hesab olunur ki, yel oyanan suyu hərəkətə gətirir, ağacların tumurcuqlanmasına, təbiətin yenidən doğulmasına səbəb olur. Əcdadlarımız küləyi təbiətin ən güclü qüvvələrindən biri hesab edərək, ona xüsusi münasibət bəsləyiblər.

Azərbaycan folklorunda yel mifoloji obraz kimi təqdim olunur. Deyilir ki, Yel baba dağları, çayları, düzləri gəzib, torpağa həyat verir, toxumların cücərməsinə yardım edir.

Adət-ənənələr və inanclar

Yel çərşənbəsi ilə bağlı xalq arasında bir çox maraqlı inanclar və adətlər var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır. İnsanlar açıq havaya çıxaraq öz arzularını küləyə pıçıldayır, onun bu istəkləri uzaqlara aparıb Tanrıya çatdıracağına inanırlar.

Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilib ki, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel – qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzilbaşına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.

Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Bizi WhatsApp – da izləyin.