Gürcüstanda ailələrin aylıq gəliri artaraq 1 896 lari olub, xərclər isə… – STATİSTİKA

2024-cü ildə Gürcüstanda bir ailəyə düşən orta aylıq gəlir (pul və qeyri-pul vəsaitləri) əvvəlki illə müqayisədə 10.1% artaraq 1 896 lari təşkil edib, bir nəfərə düşən orta aylıq gəlir isə 13.2% artaraq 590 lari olub.

Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Tədqiqatın nəticələrinə görə, ailələrin gəlirlərinin əsas mənbəyini pul gəlirləri və transferlər təşkil edir ki, bunun da payı 2024-cü ildə əvvəlki illə müqayisədə 2.7 faiz bəndi artaraq 90.4% olub.

“Bu göstərici şəhər tipli yaşayış məntəqələrində 94.9%, kənd tipli yaşayış məntəqələrində isə 81.7% təşkil edib. Şəhər tipli yaşayış məntəqələrində bir ailəyə düşən orta aylıq gəlir 12.6% artaraq 1 978 lari, kənd tipli yaşayış məntəqələrində isə 5.5% artaraq 1 755 lari olub. Pul gəlirləri və transferlərin strukturunda ən böyük pay muzdlu əməkdən əldə edilən gəlirlərin payına düşür, bu pay əvvəlki illə müqayisədə 0.3 faiz bəndi azalaraq 47.6% təşkil edib.

Özünəməşğulluqdan əldə olunan gəlirlərin payı 0.9 faiz bəndi artaraq 12.7% olub. Pensiya, təqaüd və sosial yardım kimi mənbələrdən əldə olunan gəlirlərin payı isə əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 0.4 faiz bəndi artaraq 22.3% təşkil edib. Pul gəlirləri və transferlərin strukturu şəhər və kənd yaşayış məntəqələrində fərqlidir,” – deyə məlumatda bildirilir.

Bundan əlavə, Milli Statistika Xidmətinin yaydığı məlumata görə, 2024-cü ildə Gürcüstanda bir ailəyə düşən orta aylıq xərclər əvvəlki illə müqayisədə 5.2% artaraq 1 736 lari, bir nəfərə düşən orta aylıq xərclər isə 8.2% artaraq 540 lari təşkil edib.

Bizi WhatsApp – da izləyin.

“Tədqiqatın nəticələrinə əsasən, 2024-cü ildə əvvəlki illə müqayisədə ailənin istehlak üçün etdiyi pul xərclərinin ümumi xərclərdəki payı 0.4 faiz bəndi azalaraq 69.9% olub. Şəhər tipli yaşayış məntəqələrində bir ailəyə düşən orta aylıq xərclər 6.3% artaraq 1 813 lari, kənd tipli yaşayış məntəqələrində isə 3.4% artaraq 1 603 lari təşkil edib. İstehlak üçün edilən pul xərclərinin strukturunda ən böyük pay ərzaq, içki və tütün məhsullarına çəkilən xərclərin payına düşür, bu pay əvvəlki illə müqayisədə 0.5 faiz bəndi azalaraq 38.1% təşkil edib. İstehlak xərclərinin strukturu şəhər və kənd yaşayış məntəqələrində fərqlidir,” – deyə məlumatda qeyd olunur.