Tbilisidə 27 sentyabrla bağlı yürüş keçiriləcək

27 sentyabrda Tbilisidə “Abxaziya Gürcüstandır, qəhrəmanlara eşq olsun” yürüşü keçiriləcək.

Təşkilatçıların sosial şəbəkələrdə yaydığı məlumata görə, yürüş iştirakçıları sentyabrın 27-də saat 19:00-da Tbilisi Dövlət Universitetinin qarşısında toplaşacaq və oradan yürüşlə Qəhrəmanlar Memorialına gedəcəklər.

Məlumata görə, yürüşdə məqsəd Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsini yad etməkdir.

Təşkilatçılar yaydıqları açıqlamada 27 sentyabrın Suxuminin süqutu ilə bağlı tarix olduğunu bildirərək, Abxaziya müharibəsi ilə bağlı mövqelərini ifadə ediblər.

Onların sözlərinə görə, Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yalnız anım mərasimi ilə məhdudlaşmamalı, ölkənin gələcəyi ilə bağlı məsuliyyət də yaratmalıdır.

Təşkilatçılar həmçinin bildiriblər ki, onların fikrincə, Gürcüstanın müdafiə qabiliyyəti gücləndirilməli, beynəlxalq tərəfdaşlarla əlaqələr genişləndirilməli və ölkənin “azad dünyaya tam inteqrasiyası” təmin edilməlidir.

Açıqlamanın sonunda təşkilatçılar “Qəhrəmanlara şöhrət! Abxaziya Gürcüstandır! Rusiya düşməndir!” şüarlarını səsləndiriblər.

Bizi WhatsApp – da izləyin.