Günlərdir Kür çayında axtarılan gəncin cəsədi çıxarılıb

Tbilisidə baş vermiş avtomobil qəzası zamanı Kür çayına düşən nəqliyyat vasitəsində olan daha bir sərnişinin – Giorgi Şamugianın cəsədi tapılıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, Giorgi Şamugia ötən həftə dostları ilə birlikdə avtomobildə olarkən baş verən qəza nəticəsində çaya düşərək həlak olub. Onun cəsədi 10 gün axtarışdan sonra tapılıb. Qəza mayın 14-də Tbilisidə, Kür çayının sol sahilində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil içərisində dörd nəfərin olduğu “Ford” markalı avtomobilə çırpılması nəticəsində “Ford Fusion” çaya düşüb. Qəza zamanı 4 nəfər gənc həyatını itirib.

Bizi WhatsApp – da izləyin.

Qəzanın baş verdiyi gün “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin idarə olunması qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi üzrə istintaq başladılıb. Sözügedən maddə ilə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.