SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! 2000 lari cərimə oluna bilərsiz

Son dövrlərdə baş verən yol nəqliyyat hadisələrinin artması qanunvericiliyin sərtləşdirilməsinə səbəb olub. Belə ki, Parlament artıq üç oxunuşda həm sürücülər, həm də piyadalar üçün cərimələrin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Təkcə 2025-ci ilin birinci rübündə yol-nəqliyyat hadisələrində artıq 112 nəfər həlak olub. Onların əksəriyyətini isə piyadalar təşkil edib.

Qanunvericilik dəyişikliklərinə əsasən, yol nişanlarına məhəl qoymayan piyadalar 10 lari əvəzinə artıq 50 lari məbləğində cərimələnəcəklər. Avtomagistralda hərəkət qaydalarının pozulması isə 100 lari cərimə ilə nəticələnəcək. Qaydaların təkrar pozulması halında cərimələr ikiqat artırılacaq.

Dəyişikliklər eyni zamanda avtomobillərin süni şəkildə yaratdığı səs-küyü də tənzimləyir. Sürücü avtomobilini süni şəkildə dəyişdirilmiş səsboğucu ilə idarə edirsə, 100 lari əvəzinə indi 200 lari cərimə olunacaq. Cərimələr “drift” halları üçün də artırılıb. Müəyyən olunmuş rəngdən fərqli işıq siqnalı və səsli siqnal ilə hərəkət edən sürücüyə 2000 lari məbləğində cərimə protokolu təqdim olunacaq.

Sərtləşdirilmiş qanunvericiliklə yanaşı, yol təhlükəsizliyi üzrə ekspertlər nəzarətin də gücləndirilməsini gözləyirlər. Mütəxəssislər bildirirlər ki, yeni cərimələr haqqında vətəndaşlara vaxtında məlumat verilməlidir.

Qanunvericilik dəyişikliklərini parlament artıq təsdiqləyib. Sənədi gələn həftə prezident imzalayacaq və qanun rəsmi olaraq qüvvəyə minəcək.

Bizi WhatsApp – da izləyin.