Acara hökumətinin keçmiş sədri özünə qəsd edib, bir nəfər saxlanılıb – RİJVADZE MƏKTUBDA NƏ DEYİR?
Acara Muxtar Respublikası hökumətinin keçmiş sədri Tornike Rijvadze gecə saatlarında özünə qəsd edib.
Belə ki, o, Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə məxsus silahdan iki dəfə atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Tornike Rijvadze döş qəfəsindən aldığı güllə yarası ilə Saqareco Geohospitalına yerləşdirilib. Daha sonra isə o, Tbilisidəki 1 saylı Universitet Klinikasına aparılıb.
Həkimlərin məlumatına görə, onun ağciyəri zədələnib, səhhəti ağırdır. Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma başladılıb.
Həmçinin, odlu silahın ehtiyatsız saxlanılmasına görə, Gürcüstanın Cinayət Məcəlləsinin 238-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində bir nəfər saxlanılıb.
Onu da bildirək ki, Tornike Rijvadze özünə qəsd etməzdən əvvəl məktub yazıb. Məktubu isə Rijvadzenin cibindən tibb işçiləri tapıb. Məktubda o, bir sıra vacib məsələlərə toxunub. Rijvadze qeyd edib ki, ona qarşı korrupsiya və “narkotacirləri” himayə etmək kimi ittihamlar irəli sürülüb. O, məktubunda Bidzina İvanişvilinin və İrakli Kobaxidzenin onun ailəsini qoruyacaqlarına ümid etdiyini bildirib. Rijvadze məktubda həmçinin vurğulayır ki, bütün əməkdaşları və yaxın ətrafı günahsızdır və onların hər biri yalnız “onun göstərişi ilə” hərəkət edib. O, Aleksandre Axvlediani haqqında da minnətdarlıqla və müsbət fikirlərlə yazıb və qeyd edib ki, məhz onun silahı ilə özünə qəsd edib.
Xatırladaq ki, Tornike Rijvadze aprel ayının 4-də Acarıstan hökumətinin sədri postunu tərk edib.
Bizi WhatsApp – da izləyin.