Tbilisidə binada baş vermiş uçqun bir nəfərin həyatına son qoyub, dağıntılar altında…

Tbilisidə, Vağzal meydanında yerləşən qəzalı binada baş verən uçqun nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altında hələ də insanların qalmış ola biləcəyi ehtimal olunur.

İlkin məlumata görə, hadisə təxminən bir saat yarım əvvəl baş verib. Qəzalı vəziyyətdə olan binada dam və fasadın bir hissəsi çöküb. Hadisə zamanı binanın yaxınlığında səyyar satıcılar da olub, bir neçə avtomobilə ziyan dəyib. Vətəndaşların dağıntı zonasından təxliyəsi artıq həyata keçirilib.

Hadisənin şahidləri bildirirlər ki, bina qəfildən uçmağa başlayıb – əvvəlcə güclü səs eşidilib, sonra isə binadan müxtəlif hissələr tökülməyə başlayıb.

Hazırda binanın içərisində vəziyyət dəqiq məlum deyil. Ərazidə dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri aktiv şəkildə davam edir.

Hadisə yerində Gürcüstanın daxili işlər naziri və Tbilisi meri Kaxa Kaladze də olub. Kaladzenin sözlərinə görə, bina qəzalı idi və bərpa üçün yararsız sayılırdı. Lakin sakinlərin yalnız bir qismi dövlətin təklif etdiyi köçürmə proqramından yararlanmışdı.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə istintaq başladılıb.

Bizi WhatsApp – da izləyin.