Marneulidə 50-dən çox bıçaq zərbəsi alan 16 yaşlı yeniyetmənin vəziyyəti…
Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndində çoxsaylı bıçaq xəsarətləri almış 16 yaşlı yeniyetmə hələ də Marneulidə yerləşən “Geo Hospital” klinikasında müalicə alır.
Bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, həkimlərin səyləri nəticəsində yeniyetmə süni nəfəs aparatından ayrılıb. Buna baxmayaraq, onun səhhəti aldığı ağır xəsarətlər səbəbindən stabil ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, hadisə 10 iyul tarixində gecə saatlarında Yuxarı Qullar kəndində baş verib. Məlumata əsasən, 16 və 19 yaşlarında olan yeniyetmələr arasında yaranan mübahisə sonradan insidentə çevrilib.
Gənclərdən biri digərinə çoxsaylı bıçaq zərbəsi endirdikdən sonra hadisə yerindən qaçıb. Yaralı bir neçə saat sonra tapılaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 19 yaşlı şəxs saxlanılıb. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 19-109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd) üzrə aparılır.
Bizi WhatsApp – da izləyin.