Fahişəliyin təşviqi və fahişəlik üçün yerin verilməsi ittihamı ilə 12 nəfər saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları fahişəliyin təşviqi və fahişəlik üçün yerin verilməsi ittihamı ilə 12 nəfəri saxlayıblar.
Bu barədə Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin İnsan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin rəisi Tornike Marsagişvili keçirdiyi brifinqdə bildirib.
“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları, Baş Prokurorluqla birgə, son 24 saat ərzində, Tbilisi və Sameqrelo bölgəsində, məhkəmənin qərarı əsasında kompleks istintaq tədbirlərinin nəticəsində, fahişəliyin təşviqi və fahişəlik üçün yerin verilməsi ittihamı ilə 12 nəfəri saxlayıblar və 13 obyekt bağlayıblar.
Saxlanılanlar arasında həm Gürcüstan, həm də Çin vətəndaşları var.
Hüquq-mühafizə orqanlarının cinayət işi üzrə həyata keçirdiyi gizli istintaq hərəkətləri, o cümlədən – audio və video yazılar nəticəsində əldə olunmuş sübutlarla təsdiq edilib ki, obyektlərin menecerləri və administratorları fahişəliklə məşğul olan qadınlara sistematik olaraq köməklik göstəriblər. Belə ki, onlar Tbilisidə Marjanishvili, Ağmaşenebeli, Dadiani və Tsinamdzğvrishvili küçələrində yerləşən obyektlərdə sahələri müəyyən məbləğ qarşılığında onlara icarəyə veriblər.
İstintaqla, həmçinin, müəyyən edilib ki, həmin obyektlərin administratorları fahişəliklə məşğul olan qadınlara müştəri tapmaqda da köməklik göstəriblər. Bunun müqabilində isə qadınlar müttəhimlərə göstərilən cinsi xidmətlərdən əldə etdikləri gəlirdən müəyyən pay ödəyiblər.
Eyni zamanda müəyyən olunub ki, həmin obyektlərin əsas gəliri fahişəliyin təşviqi nəticəsində əldə olunan pul vəsaiti olub.
Cinayətlər 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin fahişəliyin təşviqini və fahişəlik üçün yerin verilməsini nəzərdə tutan 254-cü maddəsi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.