Oktyabr ayından Gürcüstanda bir sıra yeni qaydalar qüvvəyə minir
2025-ci ilin oktyabr ayından etibarən, Gürcüstanda bir sıra yeni qaydaların qüvvəyə minməsi nəzərdə tutulur.
Qanun pozan əcnəbilərə qarşı sərtləşdirilmiş qaydalar qüvvəyə minir
2025-ci il 1 oktyabr tarixindən Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərlə bağlı qanun sərtləşdirilir. Ölkədən çıxarılma prosesi sadələşdirilir, həmçinin cərimələrin məbləği artırılır.
Daha dəqiq desək, 1 oktyabr tarixindən etibarən, əgər əcnəbi şəxs ölkədə qalma müddətini pozarsa, ona 1000 laridən 3000 lariyə qədər cərimə tətbiq olunacaq və müəyyən müddət ərzində Gürcüstana girişinə qadağa qoyulacaq. Qeyd etmək lazımdır ki, hazırda qanunla ölkədən çıxarılma nəzərdə tutulmayıb, cərimənin məbləği isə 180 laridəb 360 lariyə qədərdir.
Bəzi nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin alınma şərtləri dəyişir
Qoşqulu nəqliyyat vasitələrinin sürücülük vəsiqəsinin alınması imtahanlarında dəyişikliklər var. Xidmət Agentliyinin yaydığı məlumata görə, 2025-ci il 1 oktyabr tarixindən CE, DE kateqoriyaları və C1E, D1E altkateqoriyaları üzrə nəqliyyat vasitələrinin idarəetmə hüququnu əldə etmək üçün imtahanın praktiki hissəsi iki mərhələdən ibarət olacaq.
Beləliklə, artıq 1 oktyabr tarixindən bu kateqoriyadan olan nəqliyyat vasitələrinin praktiki imtahanının birinci mərhələsi qapalı meydançada keçiriləcək, ikinci mərhələsi isə real yol hərəkəti şəraitində, Gürcüstan Daxili İşlər Nazirinin əmri ilə təsdiq olunmuş marşrutlar üzrə təşkil ediləcək.
Avropa İttifaqına giriş/çıxış qaydaları dəyişir
Avropa İttifaqına giriş-çıxış qaydaları dəyişir – söhbət EES sisteminin tətbiqindən gedir. Artıq məlum olduğu kimi, giriş-çıxış sistemi (EES) əməliyyatlarının mərhələli tətbiqi 12 oktyabr tarixindən başlayacaq. Müəyyən olunmuş tarixdən etibarən Avropa İttifaqı üzv dövlətləri bu sistemi altı ay ərzində mərhələli şəkildə həyata keçirəcəklər. Altı ayın sonunda isə EES Avropa İttifaqının bütün sərhəd-keçid məntəqələrində tətbiq olunacaq.
Məlumat üçün bildirək ki, giriş-çıxış sistemi (EES) qabaqcıl texnoloji sistemdir və Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarının Avropanın 29 ölkəsinə, o cümlədən Şengenlə assosiasiyalı ölkələrə qısamüddətli səfərlərinin rəqəmsal qeydiyyatını aparır. Yeni sistem barmaq izi, üz təsviri və digər səyahət məlumatlarını toplayacaq və hazırda tətbiq olunan, pasportlara möhür vurmaqla həyata keçirilən sistemi tədricən əvəz edəcək.
Yeni dizaynlı pasportların verilişinə başlanacaq
2025-ci il 6 oktyabr tarixindən yeni dizaynda pasportların verilməsinə başlanacaq. Xatırladaq ki, bu qərarın icrası bir neçə dəfə təxirə salınıb. Belə ki, ilkin plana əsasən, yeni dizayndakı sənədlərin verilməsi 4 iyun tarixindən başlamalı idi, sonradan tarix 1 avqusta dəyişdirildi, daha sonra isə payıza keçirildi.
Yeni dizayndakı Gürcüstan vətəndaşının biometrik pasportunda aşağıdakılar yer alacaq: ad; soyad; vətəndaşlıq; doğum tarixi; şəxsi nömrə; fotoşəkil; cins; doğum yeri; şəxsi imza nümunəsi; verilmə tarixi; etibarlılıq müddəti; verən orqanın adı; sənədin tipi barədə qeyd; ölkə kodu; sənədin nömrəsi və giriş kodu (CAN – Card Access Number).
Yuxarı Larsda, Rusiya tərəfindən yük avtomobilləri üçün növbənin əvvəlcədən elektron bronlaşdırma sistemi fəaliyyətə başlayacaq
2025-ci il 1 oktyabr tarixindən Rusiyanın Gömrük Xidmətinin Şimali Qafqaz İdarəsi Yuxarı Lars sərhəd-keçid məntəqəsində yük avtomobilləri üçün terminala gəlmə tarixi və vaxtının bronlaşdırılması sistemini işə salacaq. Belə ki, yük avtomobillərinin sürücüləri tarixi və vaxtı daşımaların elektron sənədlərinin dövlət informasiya sistemi portalında bron edə biləcəklər. Elektron növbədən istifadə etməklə Yuxarı Lars keçid proseduruna Rusiyanın Nəqliyyat Nazirliyinin tabeliyindəki qurum – “Rosqransstroy” nəzarət edəcək.
Məlumat üçün bildirək ki, Yuxarı Lars Rusiya ilə Gürcüstan arasında yeganə fəaliyyət göstərən sərhəd-keçid məntəqəsidir və bu məntəqədən iki ölkə arasında, həmçinin Türkiyə və Ermənistan istiqamətində bütün nəqliyyat axını keçir. Bu səbəbdən tez-tez növbələr yaranır. Vəziyyəti çətinləşdirən digər amil isə əlverişsiz hava şəraitidir ki, xüsusilə qış aylarında hərəkət tez-tez dayanır.
Xatırladaq ki, 2022-ci ilin avqust ayından Yuxarı Larsda elektron növbənin analoqu fəaliyyət göstərir, lakin həmin sistem yalnız yük nəqliyyat vasitələrinin sıra nömrəsini almağa və onların yığılma–azalma prosesinə nəzarət etməyə imkan verir, sərhədi keçmə vaxtının əvvəlcədən bronlaşdırılması isə mümkün deyil.
Bizi WhatsApp – da izləyin.