DİQQƏT! Bu hallarda əmlak vergisi verməkdən azad olunursuz

Dağlıq yaşayış məntəqəsində daimi yaşayan şəxs statusuna malik şəxs mülkiyyətində olan torpaq sahəsinə görə əmlak vergisi ödəməkdən azad olunur – bu barədə hüquqşünas Davit Axalbedashvili sosial şəbəkədə yazıb.

Hüquqşünasın izahına əsasən, əmlak vergisindən azad olan digər hallar aşağıdakılardır:

  • 2004-cü il 1 mart tarixinə fiziki şəxsin mülkiyyətində olan 5 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahələri. Bu güzəşt həmin əmlak ailə üzvünə və ya birinci/ikinci dərəcəli varisə hədiyyə və ya miras yolu ilə keçdiyi halda da qüvvədə qalır;
  • Dağlıq yaşayış məntəqəsində daimi yaşayan şəxs statusuna malik şəxsin mülkiyyətində olan, həmin dağlıq ərazidə yerləşən torpaq sahəsi;
  • Bələdiyyə inzibati sərhədləri daxilində yerləşən yaşayış evlərinə və/və ya qarajlara bitişik torpaq sahələri — bu güzəşt bələdiyyə nümayəndə orqanı (sakrebulonun) müəyyən etdiyi maksimal ölçülər daxilində tətbiq edilir;
  • Çoxmənzilli binalarda yaşayan fiziki şəxslərin ümumi mülkiyyətdə olan torpaq paylarına proporsional olaraq müəyyən edilmiş vergi obyektləri;
  • Kənd təsərrüfatı təyinatlı torpaq sahələri, əgər həmin sahələrdə yetişdirilən məhsulun yarıdan çoxu təbii fəlakət (külək, dolu, quraqlıq, daşqın) və ya digər fors-major hallar nəticəsində məhv olubsa;
  • 2011-ci il 1 yanvar tarixinə məcburi köçkün statusuna malik fiziki şəxsin mülkiyyətində olan 5 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahələri.

Hüquqşünasın sözlərinə görə, əgər əvvəlki hesabat ili üçün fiziki şəxsin əmlak vergisi bəyannaməsini təqdim etmisinizsə və ya vergi orqanı tərəfindən sizə vergi hesablanıbsa və bəyannamədə göstərilən məlumatlar dəyişməyibsə, həmin il üçün yenidən bəyannamə təqdim etməmək hüququnuz var. Bu halda, vergi orqanı avtomatik olaraq əvvəlki ilin məlumatlarına əsasən əmlak vergisini hesablayacaq.

Əgər cari ildə artıq əmlak vergisi bəyannaməsi təqdim etmək öhdəliyiniz yoxdursa, ən geci 1 noyabr tarixinədək Gəlirlər Xidmətinin elektron portalı vasitəsilə “bəyannamə təqdim etməmək haqqında” müraciət göndərə bilərsiniz.

Məlumat üçün: rəsmi məlumata əsasən, əmlak vergisi yalnız o şəxslərə şamil olunur ki, onların və ya ailə üzvlərinin illik gəliri 40 000 laridən çoxdur. Gəlirlər Xidmətinin izahına görə, ümumilikdə əmlak vergisinin ödənilməsi üçün son tarix ilin 15 noyabrıdır, bəyannamənin doldurulması və təqdim edilməsi üçün isə 1 noyabr müəyyən olunub. Lakin bu il hər iki tarix şənbə gününə düşdüyü üçün müddət növbəti iş gününədək uzadılıb. Beləliklə, fiziki şəxslər 3 noyabra qədər əmlak bəyannaməsini təqdim edə, 17 noyabra qədər isə vergi ödənişini həyata keçirə biləcəklər.

Bizi WhatsApp – da izləyin.