“Oğru aləminə” qarşı genişmiqyaslı əməliyyat: 34 nəfər saxlanılıb, Mirzə Əliyev öldürülüb – VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə miqyasında “oğru aləmi”nə qarşı eyni vaxtda genişmiqyaslı əməliyyat keçiriblər.

Daxil İşlər Nazirinin müavini Aleksandre Daraxvelidzenin verdiyi məlumata görə, beş cinayət işi üzrə aparılan tədbirlər nəticəsində 34 nəfər saxlanılıb, daha 7 nəfərə, o cümlədən iki məhbus, dörd xaricdə yaşayan şəxs və bir “qanuni oğru”ya qiyabi qaydada ittiham irəli sürülüb.

Əməliyyat zamanı Laqodexi rayonunun Qabal kəndində 1973-cü il təvəllüdlü Mirzə Əliyev xüsusi təyinatlılara qarşı atəş açıb. Nəticədə bir nəfər xüsusi təyinatlı sinəsindən ağır yaralanıb. Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev hadisə yerində zərərsizləşdirlib.

Nazirliyin məlumatına görə, əməliyyat Mərkəzi Cinayət Polisi, Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti və Xüsusi Tapşırıqlar Departamentlərinin əməkdaşları tərəfindən eyni vaxtda keçirilib.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər və “oğru aləmi”nin dəstəkçiləri vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə qarışır, xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayır və onlardan tapşırıqlar alaraq icra edirdilər. Həmçinin, qaydaları pozan şəxslərdən “cərimə” pulu tələb olunub və ölüm təhdidləri səsləndirilib. Cinayətkar qrupun əsas fiqurlarından biri kriminal avtoritet Elmuraz Məmmədov olub.

Axtarışlar zamanı saxlanılanların evlərindən kompüter avadanlıqları, mobil telefonlar, narkotik maddələr, odlu silahlar və böyük miqdarda pul ələ keçirilib.

Cinayətlər Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223², 223³, 109 və 181-ci maddələri ilə araşdırılır, bu maddələr 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Eyni əməliyyat çərçivəsində Tbilisidə Davit Mikadzenin mühafizə rəisi Davit Çubinidze də saxlanılıb. İstintaqın məlumatına görə, o, 2021-ci ildə Mikadze ilə birlikdə Vaxdanq Kobiashvilinin adına qeydiyyatda olan beş odlu silahı ələ keçirib və onlardan birini qanunsuz şəkildə üçüncü şəxsə satıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, təşkil olunmuş cinayətkarlığa qarşı barışmaz mübarizə davam etdiriləcək və cinayətkarlığın səviyyəsi ölkədə tarixi minimuma endiriləcək.

Bizi WhatsApp – da izləyin.