Baş Prokurorluq bəyanat yayıb
2025-ci il oktyabrın 4-də, Tbilisidə yerli özünüidarəetmə seçkiləri zamanı strateji obyektin qrup halında ələ keçirilməsinə cəhd, qrup halında zorakılığın təşkili, ona rəhbərlik və iştirak, eləcə də Gürcüstanın konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış faktları üzrə ittiham olunan 64 nəfər barəsində ittihamın dəqiqləşdirilməsi prosesi davam edir – bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
“Məhkəmə prosesi çərçivəsində 63 nəfərə qarşı irəli sürülmüş ittiham yalnız ifadə və cinayət əməlini təsvir edən hissədə dəqiqləşdirilir və ixtisası dəyişmir. Bir nəfər – Nana Sanders barəsində isə ittihamın ixtisas hissəsi dəqiqləşdirilir. Belə ki, təqsirləndirilən şəxsə əvvəllər Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsi (qrup halında zorakılığın təşkili) ilə nəzərdə tutulmuş əməl üzrə ittiham irəli sürülmüşdü, indi isə ona həm 225-ci maddənin birinci hissəsi, həm də 317-ci maddə (Gürcüstanın konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış) ilə ittiham irəli sürülür,” – deyə qurumdan bildirilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentində cinayət işi üzrə istintaq davam edir.
Bizi WhatsApp – da izləyin.