SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Cərimələr kəskin artırılır – SİYAHI

Gürcüstanın Daxili İşlər Nazirliyi yol hərəkəti qaydalarının maksimal təmin edilməsinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına yönəlmiş qanunvericilik dəyişiklikləri paketini hazırlayıb.

Bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, son illərdə nəqliyyat vasitələrinin sayının və mobilliyin əhəmiyyətli dərəcədə artması fonunda yol təhlükəsizliyi hələ də çağırış olaraq qalır və əldə edilmiş müəyyən irəliləyişə baxmayaraq, Gürcüstanda hər il yol-nəqliyyat hadisələri nəticəsində yüzlərlə insan həyatını itirir və ya ağır bədən xəsarətləri alır.

Buna görə də, yol-nəqliyyat hadisələrinin və onlarla bağlı ölüm göstəricilərinin yüksək olması, dövləti yol təhlükəsizliyi qaydalarının sərtləşdirilməsi istiqamətində effektiv addımlar atmağa məcbur edir.

Yol-nəqliyyat hadisələrinə səbəb olan amillərin təhlili təsdiqləyir ki, ictimai təhlükəsizliyin maksimum təmin edilməsi üçün mövcud sanksiyaların əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilməsi və sərtləşdirilməsi vacibdir. Bu səbəbdən Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri paketinə əsasən:

  • Yol hərəkətində manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qədər artırılır. Eyni zamanda, bu pozuntuya görə sürücülük vəsiqəsi üzrə təyin edilmiş bal 20 balla azaldılır;
  • Sürətin 15 km/s-dən artıq, lakin 40 km/s-dən çox olmamaqla aşılmasına görə sanksiya 50-dən 100 lariyə qədər artırılır;
  • Avtomobil hərəkətdə olarkən sürücünün və ya sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimə 50 lariyə qədər artırılır və bu pozuntuya görə bal 10 balla azaldılır;
  • Avtomobil idarə edərkən sürücünün mobil telefondan istifadə etməsinə görə cərimə 50 laraya qədər artırılır;
  • Dəyanma-dayanacaq qaydalarının pozulmasına görə, Tbilisidə olduğu kimi, Kutaisi, Batumi, Mtsxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi bələdiyyələrində və Gürcüstanın kurortlarında da cərimə 50 lariyə qədər artırılır.
  • Marşrut nəqliyyatı üçün ayrılmış “BUS LANE” zolağında, marşrut nəqliyyatı vasitəsi istisna olmaqla, digər nəqliyyat vasitələrinin əks istiqamətdə hərəkətinə görə əlavə məsuliyyət müəyyən edilir və bu, 200 lari məbləğində cərimə ilə nəticələnəcək.
  • Avtomobilin səkidə və ya piyada keçidində dayanması və ya durması yeni inzibati xəta kimi müəyyən edilir və bu, 100 lari məbləğində cərimə ilə nəticələnəcək. Eyni zamanda, qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsi xüsusi mühafizə olunan duracağa aparılacaq.

Qanunvericilik dəyişiklikləri paketi artıq Gürcüstan Parlamentinə təqdim edilib.

Bizi WhatsApp – da izləyin.