Starbucks bu tarixdə Tbilisidə ilk filialını açır – BU ŞƏHƏRLƏRDƏ OLACAQ

Starbucks Gürcüstan bazarına daxil olur.

BMG-nin yaydığı eksklüziv məlumaya görə, brendi Gürcüstana Küveytin Alshaya Group şirkəti gətirir və ölkə bazarında birbaşa onların Türkiyə ofisi fəaliyyət göstərəcək.

Brendin rəsmi nümayəndəliyi artıq bir neçə dəfə Tbilisidə olub və cari həftə ərzində son detalların dəqiqləşdirilməsi üçün rəsmi nümayəndələrin gəlişi gözlənilir.

İlkin mərhələdə brend Tbilisi, Kutaisi və Batumi şəhərlərində obyektlər açacaq. 7–8 illik perspektivdə isə bütün Gürcüstan üzrə təxminən 50 filialın açılması planlaşdırılır.

BMG-nin məlumatına görə, ilk filial Tbilisinin Vake rayonunda 2026-cı ilin mart ayında açılacaq. Starbucks şəbəkə restoranının həmçinin “Tbilisi Outlet Village”-də də açılması planlaşdırılır. “Georgian Outlets & Resorts Group” şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Quga Tsanava BMG-yə brendlə fəal danışıqların aparıldığını təsdiqləyib.

“Onların adından rəsmi olaraq bazara daxil olmalarını təsdiqləyəcək şəxs mən deyiləm, lakin bizim adımızdan deyə biləcəyim odur ki, danışıqlar həqiqətən davam edir. ‘Tbilisi Outlet Village’-də bir obyektin açılmasından söhbət gedir. Brendə maraq pandemiyadan əvvəl də mövcud idi, lakin proses COVID dövründə dayandı. İndi isə təxminən 1 ildir işlər davam etdirilir,” — deyə Tsanava bildirib.

Hazırda “Starbucks” qəhvəsinin Gürcüstanda neçəyə başa gələcəyi məlum deyil.

Məlumat üçün bildirək ki, Starbucks Amerika şirkətidir və onun baş ofisi ABŞ-ın Sietl şəhərində yerləşir. Starbucks dünyanın ən böyük qəhvə şəbəkəsidir. İlk Starbucks 1971-ci il 30 mart tarixində elə Sietl şəhərində açılıb.

Bizi WhatsApp – da izləyin.