Rustavidə 80 milyon larilik yaşayış kompleksinin inşası davam edir – 800 ailəyə veriləcək…

Rustavidə məcburi köçkün ailələrin məskunlaşdırılması məqsədilə müasir standartlara uyğun yaşayış kompleksinin inşası davam edir. Bu barədə məlumatı İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, dörd yeni tikilmiş binada tam təmirli mənzillər 800 məcburi köçkün ailəsinə veriləcək.

“Tam dəyərli yaşayış mühitinin yaradılması üçün stadionun, uşaq əyləncə meydançasının və idman-məşq sahələrinin qurulması nəzərdə tutulur. Tikinti dövlət büdcəsi hesabına maliyyələşdirilir və layihənin dəyəri 80 971 596 lari təşkil edir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Məcburi Köçkünlər Agentliyi Rustavidə sözügedən yaşayış kompleksində məskunlaşmaq istəyən məcburi köçkün ailələri tərəfindən doldurulmuş ərizələrin qiymətləndirilməsi prosesinə artıq başlayıb. Qanunvericiliyə uyğun olaraq, hər bir ailəyə təqdim etdikləri sənədlər əsasında ilkin bal veriləcək. Rustavidə 800 məcburi köçkün ailəsinin yerləşdirilməsi gələn il planlaşdırılır.

Genişmiqyaslı kompleksin tikinti prosesi ilə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini Giorgi Tsagareişvili və Məcburi Köçkünlər Agentliyinin direktoru Davit Kaykaçişvili tanış olublar.

Qeyd edilməlidir ki, cari ildə ümumilikdə 1 614 məcburi köçkün ailəsinə tam təmirli mənzillər verilib, onlardan 762 ailə yaxın vaxtlarda Tbilisidə məskunlaşdırılıb. Hazırda Rustavi ilə paralel olaraq, yaşayış kompleksləri üç şəhərdə — Tbilisi, Zuqdidi və Borjomidə tikilir”, — deyə nazirliyin yaydığı məlumatda bildirilir.