Sürücülərin nəzərinə! Bu qanun ləğv olunur
İnzibati xəta törədən şəxslərə sürücülük hüququnu vaxtından əvvəl bərpa etməyə imkan verən qanun norması ləğv olunur.
“İnzibati Xətalar Məcəlləsi”nə edilən müvafiq dəyişikliklər parlament tərəfindən sürətləndirilmiş qaydada müzakirə olunur.
Yeni qanuna əsasən, 2025-ci il 10 dekabr tarixinədək Məcəllənin 116-cı və/və ya 123-cü maddələri üzrə inzibati xəta törətmiş şəxslər, həmin xətaya görə tətbiq edilmiş cəzadan — sürücülük hüququnun dayandırılmasından birdəfəlik azad ediləcəklər. Bununla belə, onlar cəzalandırılmış şəxs hesab olunacaqlar. Sürücülük hüququnun bərpası üçün şəxsdən hər hansı quruma müraciət tələb olunmayacaq. Daxili İşlər Nazirliyi bu barədə məlumatı rəsmi internet saytında dərc edəcək və məlumatın dərc edildiyi andan etibarən sürücülük hüququ avtomatik bərpa olunacaq.
Bundan başqa, 2025-ci il 10 dekabradək Məcəllənin 45-ci, 451-ci və/və ya 115/2-ci maddələri üzrə inzibati xəta törətmiş şəxslər də birdəfəlik olaraq sürücülük hüququnun dayandırılması cəzasından azad ediləcəklər. Bu halda sürücü DİN-in Xidmət Agentliyinə müraciət etməli və dövlət ekspert müəssisəsi tərəfindən verilmiş məhkəmə-tibbi (dinamik-narkoloji) müayinənin rəyini təqdim etməlidir. Yalnız qanunvericiliklə müəyyən edilmiş tələblər yerinə yetirildikdən sonra sürücülük hüququ bərpa ediləcək.
Eyni zamanda, balların tükənməsi səbəbindən sürücülük hüququ dayandırılmış şəxslərin hüququ 2026-cı il 1 yanvar tarixindən bərpa olunacaq və onların sürücülük vəsiqəsinə yenidən 100 bal veriləcək. Bunun üçün də əlavə müraciət tələb olunmayacaq. Qanun layihəsinə əsasən, inzibati xəta işlərinə baxmaq səlahiyyəti olan müvafiq qurumlar 2026-cı il 1 yanvar tarixinədək sürücülük hüququnun bərpasını və 100 balın verilməsini təmin etməlidirlər.
Statistikaya görə, hazırda ümumilikdə 35 445 sürücülük vəsiqəsi dayandırılıb: Bunlar, alkoqollu sərxoşluğa görə — 18 310, yol-nəqliyyat hadisəsi törədib hadisə yerini tərk etdiyinə görə — 1 134, narkotik vasitələrin istifadəsinə görə — 3 504, balların tükənməsinə görə — 781, cinayət hökmü əsasında — 327, digər səbəblərlə, o cümlədən cərimənin ödənilməməsinə görə — 11 389.