Keçmiş DTX rəisi Çağatay Ülkerdən 1 milyon dollar rüşvət alıb
Gürcüstanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili saxlanılıb. Ona bir neçə cinayət işi üzrə rüşvət alma ittihamı irəli sürülüb.
Bu barədə Baş prokuror Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib.
“2022-ci ilin oktyabr ayında o, Türkiyəli investor Çağatay Ülkerdən, İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin o dövrdəki birinci müavini Romeo Mikautadze vasitəsilə, külək elektrik stansiyalarının tikintisi ilə bağlı əməkdaşlıq memorandumunun imzalanmasına lobbiçilik etməsi üçün 1 milyon ABŞ dolları məbləğində rüşvət alıb.
2022-ci ilin fevral ayında, bu dəfə də Romeo Mikautadze vasitəsilə, “Ekspressservisi 2008” şirkətinin təsisçisi Giorgi Xajalyadan qazlaşdırma tenderlərində yardım göstərilməsi qarşılığında rüşvət alıb.” – deyə baş prokuror bildirib.
Onu da qeyd edək ki, Liluaşvilinin bir sıra digər işlər üzrə də rüşvət aldığı açıqlanıb.
Məlumata görə, Qriqol Liluaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi və 3-cü hissəsinin “e” bəndi ilə ittiham irəli sürülüb. Bu maddələr əvvəlcədən əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət alma əməlini nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını müəyyən edir.
Prokurorluq, qanunla müəyyən edilmiş müddətdə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.
Bizi WhatsApp – da izləyin.