Noyabr ayında Tbilisidə minlərlə mənzil satılıb – QİYMƏTLƏR İSƏ…
2025-ci ilin noyabr ayında Tbilisidə 3 773 yaşayış mənzili satılıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 2,2% artım deməkdir. Bu barədə “Colliers” şirkətinin araşdırmasında qeyd olunub.
Qiymətlərə gəlincə, cari ilin noyabr ayında paytaxtda 1 kvadratmetrin orta satış qiyməti 1 199 ABŞ dolları olub. 2024-cü ilin eyni ayında isə 1 kv.m mənzilin orta qiyməti 1 090 ABŞ dolları təşkil edib.
Araşdırmada deyilir ki, 2025-ci ilin noyabrında Tbilisidə köhnə mənzillərin orta satış qiyməti 2024-cü ilin noyabrı ilə müqayisədə:
- şəhər ətrafı ərazilərdə 12%,
- geniş mərkəzdə 18,4%,
- şəhər mərkəzində isə 2,5% artıb.
Geniş mərkəzdə orta qiymət artımı əsasən Çuğureti və İsani rayonlarının hesabına baş verib. Qiymət artımına bir konkret layihə üzrə həyata keçirilmiş bir neçə tranzaksiya da təsir göstərib. Həmin tranzaksiyalar nəzərə alınmasa, geniş mərkəzdə orta qiymət artımı 8,8% təşkil edərdi.
Cari ilin noyabr ayında Tbilisidə yeni layihələrdə tranzaksiyaların sayı ötən ilin noyabrı ilə müqayisədə 4% artıb. Yeni tikililərin ilkin bazarında tranzaksiyaların sayı cəmi 0,2% artdığı halda, ikinci bazarda 9,6% artım qeydə alınıb. Köhnə layihələrdə isə tranzaksiyaların sayı 3,9% azalıb.
Qeyd olunur ki, noyabr ayında bazarın həcmi 12% artaraq 299 milyon ABŞ dollarına çatıb.
Mənbə: bpn.ge
Bizi WhatsApp – da izləyin.