Güclü külək ciddi problemlər yaradıb, evlərin dam örtüyü zədələnib, bu ərazilər su altında qalıb

Batumi şəhərində güclü külək problemlər yaradıb. Yaşayış evlərinin damları zədələnib, həmçinin Köhnə Bulvar ərazisinin bir hissəsi su altında qalıb.

Acara Muxtar Respublikasının hökumətinin mətbuat xidmətindən bildirildiyinə görə, gecə ərzində daşqınlarla bağlı üç müraciət qeydə alınıb. Qurumun məlumatına əsasən, bütün hallarda hökumət tərəfindən müvafiq reaksiya göstərilib.

“Gecə boyu və hazırkı vaxta qədər yağış sularının axıdılması üçün nəzərdə tutulan quyular, kanallar və dənizə çıxan arxlar intensiv şəkildə təmizlənir. Gecə ərzində daşqınlarla bağlı üç müraciət qeydə alınıb. Bu mərhələdə problem aradan qaldırılıb.

Güclü küləyin nəticəsində İvane Mesxi küçəsində yerləşən yaşayış evinin damı, Pirosmani küçəsində isə binanın fasadı zədələnib. Bütün hallarda müvafiq tədbirlər görülür.

Gonio və Yeni Bulvar sahilində fırtına nəticəsində çınqıl sahilə yığılıb. Təmizləmə işlərinə fırtına səngidikdən dərhal sonra başlanılacaq. Su təchizatı ilə bağlı heç bir məhdudiyyət yoxdur. İctimai nəqliyyat fasiləsiz şəkildə fəaliyyət göstərir”, – deyə Acara hökumətində bildirilib.

Bizi WhatsApp – da izləyin.