İran vətəndaşı “Qırmızı Körpüdən” keçməklə Gürcüstana 50 milyon larilik narkotik maddə gətirib – VİDEO
Cari ilin 30 dekabr tarixində Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstana narkotik maddənin gətirilməsinə dair daha bir böyük faktı aşkarlayaraq qarşısını alıblar. Belə ki, polis tərəfindən 157 kiloqram “heroin” narkotik maddəsi müsadirə edilib. Sözügedən narkotikin qara bazardakı təxmini dəyəri 50 milyon lari təşkil edir.
Xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və saxlanması, eləcə də Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə İran İslam Respublikasının vətəndaşı saxlanılıb.
İstintaq zamanı əldə olunan sübutlarla müəyyən edilib ki, yük avtomobili Gürcüstana qonşu ölkələrdən birindən, “Qırmızı Körpü” gömrük-buraxılış məntəqəsi vasitəsilə daxil olub.
Xüsusilə külli miqdarda narkotik maddə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yük avtomobilinin qoşqusunda yerləşdirilmiş xüsusi gizli yerdə aşkar edilib.
157 kiloqram “heroin” narkotik maddəsinin daşınması “mərmər plitələr” adı altında həyata keçirilməyə cəhd göstərilib.
Cinayət işi üzrə əməliyyat-axtarış və istintaq tədbirləri fəal şəkildə davam etdirilir. Məqsəd bu narkocinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Gürcüstana “heroin” narkotik maddəsinin gətirilməsi ilə bağlı bu ən iri fakt Mərkəzi Kriminal Polis Departamenti və Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən birgə aşkar edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.