DİQQƏT! Bu gündən qüvvəyə minən qanunvericilik dəyişikliklərini təqdim edirik

Bu gündən – 2026-cı il yanvarın 1-dən qüvvəyə minən qanunvericilik dəyişikliklərini təqdim edirik:

1. Ev heyvanları ilə bağlı qanun

Parlament tərəfindən ev heyvanları ilə bağlı qəbul edilmiş qanunun bəzi normaları 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Qanunun məqsədi ev heyvanlarına qulluq və onların populyasiyasının idarə edilməsi prinsiplərinin tətbiqi, ev heyvanlarının qeyri-münasib və qəddar rəftardan qorunması, həmçinin ev heyvanlarının və insanların digər ev heyvanlarından qaynaqlanan təhlükələrdən müdafiəsidir.

2026-cı il yanvarın 1-dən heyvana tibbi məqsəd daşımayan və ya funksional zərurəti olmayan baytarlıq əməliyyatlarının aparılmasını qadağan edən maddə qüvvəyə minib. Xüsusilə, qulaqların və quyruğun kəsilməsi, dişlərin çıxarılması, pəncələrin (dırnaqların) cərrahi yolla kəsilməsi, eşitmə qabiliyyətinin zəiflədilməsi və səs tellərinin kəsilməsi qadağandır.

Bununla yanaşı, heyvanın işgəncəyə məruz qalması, ona qarşı qəddar rəftar və ya digər zorakılıq halları ilə bağlı cinayət məsuliyyətini sərtləşdirən normalar artıq qüvvədədir.

Qanuna əsasən, heyvana qarşı qeyri-münasib və ya qəddar rəftar, eləcə də bu cür hərəkətlərin təşviqi yolverilməzdir. Bunlara heyvanın döyülməsi, onun daim bağlı vəziyyətdə saxlanılması, əzab verən fiziki yüklənməyə məruz qoyulması, aqressiyaya təhrik edilməsi və ya digər heyvanlara və insanlara qarşı təhlükə yaratmağa sövq edilməsi, heyvana xəsarət yetirilməsi, şikəst edilməsi və ya sağlamlığına başqa formada zərər vurulması (o cümlədən yol-nəqliyyat hadisəsi zamanı) daxildir. Həmçinin, “Sağlamlığın qorunması haqqında” qanunla nəzərdə tutulan hallar istisna olmaqla, heyvanların elmi eksperimentlərdə və laboratoriya sınaqlarında istifadə edilməsi, heyvan döyüşlərinin təşkili, keçirilməsi və bu məqsədlə yer ayrılması qadağandır.

“Ev heyvanları haqqında” qanun Parlament tərəfindən 2025-ci ilin iyul ayında qəbul edilib.

2. Balları bitdiyi üçün sürücülük hüququ dayandırılmış sürücülərə hüquq avtomatik bərpa olunacaq

Sürücülük vəsiqəsi üzrə verilən xalların tükənməsi səbəbindən idarəetmə hüququ dayandırılmış sürücülərin hüququ 2026-cı il yanvarın 1-dən avtomatik olaraq bərpa ediləcək və onlara yenidən 100 bal veriləcək.

Parlamentin dekabr ayında qəbul etdiyi qərara əsasən, 2025-ci il dekabrın 16-dək yol-nəqliyyat hadisəsi yerini tərk etməyə, alkoqollu sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməyə, narkotik vasitələrdən istifadəyə və ya xalların tükənməsinə görə sürücülük hüququ dayandırılmış şəxslər kateqoriyasına hüquqi güzəşt şamil olunacaq. Güzəşt mərhələli şəkildə həyata keçiriləcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda təxminən 35 500 nəfərin sürücülük vəsiqəsi dayandırılıb.

3. Sürücülər artıq səs-küyə görə cərimələnəcək

2026-cı il yanvarın 1-dən etibarən sürücülər həddindən artıq səs-küyə görə cərimələnəcəklər.

Yeni ildən “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq norması qüvvəyə minib. Bu normaya əsasən, istismarı zamanı yaranan səs-küy qanunvericiliklə müəyyən edilmiş həddi aşan nəqliyyat vasitəsinin idarə edilməsi 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Təkrar hal baş verdikdə cərimə 200 lari, növbəti dəfə isə sürücü 300 lari cərimələnəcək.

Qeyd olunan qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Bizi WhatsApp – da izləyin.