DİQQƏT! Rusiyadan gələn bu şəxslər Gürcüstana buraxılmır

Gürcüstan sərhədçiləri sənədlərində doğum yeri kimi Ukraynanın Krım, qondarma Donetsk və Luqansk “xalq respublikaları”, eləcə də Rusiya tərəfindən qismən işğal olunmuş Zaporojye və Xerson vilayətləri göstərilən Rusiya pasportu sahiblərinin ölkəyə girişinə icazə vermirlər.

Bu barədə İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsi məlumat yayıb.

“Gürcü sərhədçilərinin bu addımları belə səyahətçilər üçün qeyri-müəyyənlik yaradır”, – deyə Rusiya maraqları bölməsi bildirir və vətəndaşlara səfərdən əvvəl potensial riskləri diqqətlə qiymətləndirməyi tövsiyə edir.

Rusiyanın TurDom nəşrinin məlumatına görə, bu, ilk belə hadisə deyil: Krımın, eləcə də Luqanskın bir neçə sakininə, Rusiya pasportları olmasına baxmayaraq, əvvəllər də Gürcüstana girişdən imtina edilib. Oktyabr ayında Sevastopolun iki sakininə Gürcüstan sərhədini Rusiya tərəfindən işğal olunmuş Xerson vilayətində verilmiş Rusiya sənədləri ilə keçmək istədikləri üçün ölkəyə giriş ömürlük qadağan olunub. Həmçinin Krımdan gələn başqa bir turist bildirib ki, pasportunu Sverdlovsk vilayətində alıb, lakin buna baxmayaraq sərhədi keçməsinə icazə verilməyib. Onun sözlərinə görə, 2024-cü ilin yayında Gürcüstan sərhədçiləri uşaqları işğal olunmuş Krımda doğulmuş rusları da geri qaytarıblar.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda Rusiya maraqları bölməsi İsveçrənin səfirliyində 2009-cu ildə yaradılıb.

Mənbə: bpn.ge

Bizi WhatsApp – da izləyin.