Avropa Komissiyası Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimi dayandırıb

Avropa İttifaqının 25 üzv ölkəsi Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib

Bu barədə Avropa Komissiyası bəyanat yayıb.

Bildirilir ki, bundan sonra həmin pasport sahibləri Şengen zonasına rəsmi məqsədlərlə səfər edərkən viza almalı olacaqlar. Qeyd olunur ki, bu qərar vizaların dayandırılması üçün nəzərdə tutulan yeni gücləndirilmiş mexanizmin ilk tətbiqidir.

Avropa Komissiyasının açıqlamasında vurğulanır ki, qərar Gürcüstanın vizasız rejim çərçivəsində üzərinə götürdüyü öhdəliklərin – xüsusilə demokratiya və fundamental hüquqlar sahəsində – davamlı şəkildə pozulmasına cavab olaraq qəbul edilib.

Məlumata görə, 2024-cü ilin oktyabrından etibarən Gürcüstan hakimiyyətinin etiraz aksiyalarının dağıdılması, müxalifətçi siyasətçilərə və müstəqil mediaya qarşı tədbirləri ölkədəki vəziyyətə mənfi təsir göstərib və bir sıra fundamental hüquqların pozulmasına səbəb olub. Həmçinin Gürcüstanın Avropa İttifaqının viza siyasəti ilə uyğunlaşmaqdan imtina etdiyi bildirilir.

Komissiya qeyd edir ki, viza liberallaşdırılmasının əsas məqsədi xalqlar arasında əlaqələri inkişaf etdirmək və insan hüquqları ilə demokratik prinsiplərə hörməti təşviq etməkdir.

Bununla yanaşı, Avropa Komissiyası üzv dövlətlərin konsulluq orqanları və sərhəd xidmətləri üçün xüsusi təlimat prinsipləri də qəbul edib. Bu prinsiplər Avropa İttifaqının xarici sərhədlərini keçən Gürcüstan vətəndaşlarının daha ciddi yoxlanılmasını nəzərdə tutur.

Tövsiyələrə əsasən, Gürcüstanın diplomatik və ya xidməti pasport sahibləri Şengen vizası üçün müraciət etdikdə üzv dövlətlər onların sənədlərini daha ətraflı yoxlamalı, müsahibə aparmalı və əlavə təsdiqedici sənədlər tələb etməlidir. Təqdim olunan məlumatların etibarlılığı ilə bağlı şübhə yarandığı halda isə viza verilməsindən imtina edilməlidir.

Məlumatda qeyd olunub ki, qərar bu gün 12 ay müddətinə, 2027-ci il martın 6-dək qüvvəyə minir.

Bizi WhatsApp – da izləyin.