Böyrək əməliyyatı olan 23 yaşlı Bahar dünyasını dəyişib – POLİSƏ ŞİKAYƏT EDİLİB
Tbilisidə Milli Urologiya Mərkəzində fevral ayının 25-də böyrək daşı əməliyyatı olan 23 yaşlı Bahar Əlləzova dünyasını dəyişib.
Gəncin ailə üzvləri hadisədə endoskopik əməliyyat aparan klinikanın həkimini günahlandırırlar.
Belə ki, əməliyyat olunduqdan sonra ailəyə Bahar Əlləzovanın vəziyyətinin yaxşı olduğu bildirilib. Bir neçə saat sonra isə onun vəziyyətinin pisləşdiyi ilə bağlı məlumat verilib. Dahaa sonra Bahar Əlləzova başqa xəstəxanaya köçürülüb. Həkimlərin səylərinə baxmayaraq fevralın 27-də onun həyatını xilas etmək mümkün olmayıb.
Milli Urologiya Mərkəzinin rəhbəri isə yerli telekanallardan birinə müsahibəsində bu çox nadir ağırlaşmanın niyə baş verdiyinin dəqiq səbəbinin hələ ki, müəyyən edilmədiyini bildirib.
“Gənc qadına sidik-daşı xəstəliyinə görə daşın çıxarılması məqsədilə endoskopik əməliyyat aparıldı. Əməliyyatı mərkəzimizin aparıcı mütəxəssisi, sidik-daşı istiqamətinin rəhbəri Aleksandre Ujmajuridze həyata keçirdi. Belə əməliyyatlar ildə azı 400 dəfə edilir, həmin gün də səhv etmirəmsə üç əməliyyat aparılmışdı.
Əməliyyat günü qanaxma olmayıb, lakin ertəsi gün hemolitik sindrom inkişaf edib. Bu, böyrək və qaraciyərin kəskin çatışmazlığı ilə özünü göstərib. Buna görə də xəstənin İnqoroqva klinikasına köçürülməsinə qərar verilib. Bu çox nadir ağırlaşmanın niyə baş verdiyinin dəqiq etioloji səbəbi bizə məlum deyil. Biz məsuliyyətdən yayınmırıq, ekspertiza rəyini gözləyirik”, – deyə Mərkəzin rəhbəri “TV Pirveli”yə açıqlamasında bildirib.
Qeyd edək ki, ailə üzvləri artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət ediblər.
Bizi WhatsApp – da izləyin.