Baş nazir müsəlman icması üçün iftar süfrəsi təşkil edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, hökumət üzvləri ilə birlikdə müsəlman icması üçün iftar süfrəsi təşkil edib.
Hökumət başçısı müasir və güclü Gürcüstan dövlətinin qurulması prosesində müsəlman icmasının rolundan danışıb və onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
“Bizim üçün böyük şərəfdir ki, bu il də sizi iftarda qonaq edirik. Bu görüş bir daha sübut edir ki, qardaşlığımız, birliyimiz və qarşılıqlı hörmətimiz sarsılmazdır. Gürcüstandakı hər bir müsəlmanı və bütün müsəlman icmasını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Çox keçmədən islam dünyası Ramazan bayramını qeyd edəcək. Bu, birlik və qardaşlıq bayramıdır və Gürcüstan dövləti də bu sevinci sizinlə birlikdə bölüşür.
Bizim gücümüz Gürcüstanda, bu torpaqda yaşayan xalqları birləşdirən birlikdədir. Bu gün regionda çox mürəkkəb hadisələr baş verir və belə bir şəraitdə Gürcüstanda sünnilərlə şiələrin eyni məsciddə birlikdə namaz qılması xüsusi simvolik məna daşıyır. Məhz buna görə gürcü islamı unikaldır. Düşünürəm ki, bu, sülh içində birgə yaşayışın və ümumi razılığın hamı üçün nümunə ola biləcək bir modelidir.
Bir daha vurğulamaq istəyirəm ki, hazırda Yaxın Şərqdə çətin vəziyyət yaranıb. Dost ölkələrimizə sülhün bərpa olunmasını arzulayıram. Bu, insanların rifahı, inkişafı və tərəqqisi üçün vacib şərtdir. Hər kəsə sülh arzulayıram”, – deyə İrakli Kobaxidze bildirib.
İftar mərasimində həmçinin Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze, Gürcüstan müsəlmanları idarəsinin şeyxi Faiq Nabiyev və Şərqi Gürcüstan üzrə müfti Etibar Eminov da çıxış ediblər.
Baş nazirin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Regional İnkişaf naziri Kaxa Guledani, Acara Muxtar Respublikası hökumətinin sədri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.
Bizi WhatsApp – da izləyin.