Gürcüstanda 103 kiloqrama yaxın metamfetamin ələ keçirildi – dəyəri 30 milyon lari
Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda narkotik vasitə – 103 kiloqrama qədər metamfetamin müsadirə olunub. Məlumata görə, götürülən narkotikin qara bazardakı dəyəri təxminən 30 milyon lari təşkil edir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə bir nəfər saxlanılıb.
İstintaqla müəyyən edilib ki, bir şirkətə məxsus, kaustik soda ilə yüklənmiş yük avtomobili qonşu ölkədən Gürcüstana daxil olub və üçüncü ölkəyə getməli imiş. Yükə baxış zamanı hüquq-mühafizə orqanları kisələrə bölünmüş formada gizlədilmiş narkotik vasitəni aşkar ediblər.
Hazırda iş üzrə digər şəxslərin müəyyənləşdirilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.