Patriarxlığın ərazisinə avtomobillə daxil olub dağıntı törədən şəxs saxlanıldı
Prokurorluq Patriarxlığın rezidensiyası yaxınlığında baş verən xuliqanlıq və əmlaka ziyan vurulması faktı ilə bağlı bir nəfərə ittiham irəli sürüb.
Bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində müəyyən olunub ki, 2026-cı il mayın 20-də təqsirləndirilən şəxs dini dözümsüzlük motivi ilə avtomobillə Patriarxlığın rezidensiyasının ərazisinə daxil olub. O, ərazidə “şlaqbaum”u, giriş qapısını və həyətdə dayanan avtomobili zədələyib.
Prokurorluğun açıqlamasına əsasən, avtomobilə ziyan vurduqdan sonra həmin şəxs həyətdə olan insanları hədələyib, zorakılıq təhdidləri səsləndirərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və ictimai asayişi pozub.
Hadisə nəticəsində zərərçəkənlərə 9 350 lari məbləğində maddi ziyan dəyib.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıb. Ona Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi (başqasının əmlakını zədələmə) və 239-cu maddəsinin 3-cü hissəsi (silah qismində digər əşyanın istifadəsi ilə törədilmiş xuliqanlıq) ilə ittiham irəli sürülüb. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Cinayət işi üzrə aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxslə bağlı psixiatrik ekspertiza təyin edilib.
Bizi WhatsApp – da izləyin.