Gürcüstanda saxta nikahlara görə həbs və deportasiya tətbiq ediləcək

Gürcüstanda vətəndaşlıq, yaşayış icazəsi və ya ölkədə qanuni qalmaq üçün digər hüquqi əsas əldə etmək məqsədilə bağlanan saxta nikahlar cinayət məsuliyyəti yaradan əməl kimi tanınacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin hazırladığı qanunvericilik təşəbbüsündə əksini tapıb.

Layihəyə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbi arasında vətəndaşlıq, yaşayış icazəsi və ya digər hüquqi üstünlüklər əldə etmək məqsədilə bağlanan saxta nikahlara görə əcnəbinin ölkədən deportasiyası və Gürcüstana girişinin 2 ildən 10 ilədək müddətə qadağan edilməsi nəzərdə tutulur. Bundan əlavə, cərimə, 1 ildən 2 ilədək ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qanunvericilik paketi çərçivəsində Gürcüstan vətəndaşı ilə nikah əsasında verilən yaşayış icazələri ilə bağlı qaydalar da yenilənir. Belə ki, yeni yaşayış icazəsi növü – Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi təsis ediləcək və bu sənəd daimi yaşayış icazəsi əldə olunana qədər qüvvədə olacaq.

Eyni zamanda, belə yaşayış icazəsinin verilməsindən əvvəl nikahın həqiqiliyi yoxlanılacaq. Bu məqsədlə xüsusi komissiyanın yaradılması planlaşdırılır.

Dəyişikliklər xarici vətəndaş olan məhkumlara da şamil ediləcək. Belə ki, müəyyən şərtlər daxilində onların cəzasının çəkilməmiş hissəsi ölkədən çıxarılma və Gürcüstana giriş qadağası ilə əvəz oluna biləcək.

Bundan başqa, qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə operativ-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti veriləcək.

Qanunvericilik paketində məhkəmə prosedurlarına da dəyişikliklər nəzərdə tutulur. Qərarlardan şikayət verilməsi üçün müddətlər qısaldılacaq, işlərə baxılma müddətləri sürətləndiriləcək və bəzi hallarda məhkəmələrin işlərə şifahi dinləmə olmadan baxmasına imkan yaradılacaq.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ədliyyə Nazirliyi və Təhsil, Elm və Gənclər Nazirliyi ilə birgə hazırlanmış dəyişikliklər müasir miqrasiya çağırışlarına cavab vermək və əcnəbilərin Gürcüstanda qalmasının tənzimlənməsi sistemini daha effektiv, şəffaf və təhlükəsiz etmək məqsədi daşıyır.

Bizi WhatsApp – da izləyin.