Azərbaycan və Gürcüstan Konstitusiya Məhkəmələri arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olub.

Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakim Rəşid Rzayev və məhkəmənin baş katibi Anar Babayevdən ibarət nümayəndə heyətini qəbul edib. Görüş Gürcüstan Konstitusiya Məhkəməsində keçirilib.

Görüşdə “Hüququn aliliyinin möhkəmləndirilməsi üçün Konstitusiya məhkəmələri arasında dialoq və regional əməkdaşlıq” mövzusunda işgüzar müzakirələr aparılıb.

Dialoq çərçivəsində həm Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri, həm də azərbaycanlı qonaqlar tematik məruzələrlə çıxış ediblər. Tərəflər iki ölkədə konstitusiya nəzarəti sisteminin fəaliyyəti, eləcə də regional əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Görüşdə konstitusiyanın aliliyinin qorunmasının vacibliyi və konstitusiya məhkəmələrinin səmərəli konstitusiya nəzarətinin həyata keçirilməsində rolu xüsusi vurğulanıb.

Tərəflər ikitərəfli dialoqun daha da gücləndirilməsi və Azərbaycan-Gürcüstan Konstitusiya məhkəmələri arasında uzun illərdir mövcud olan dostluq münasibətlərinin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia azərbaycanlı həmkarına səfərə görə təşəkkür edib və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Bizi WhatsApp – da izləyin.