Əmlak vergisi üzrə 100 min lariyə qədər gəlir həddi təklif olunur

“Gürcü Arzusu” tərəfindən əmlak vergisi ilə bağlı təqdim olunan qanunvericilik dəyişiklikləri illik gəliri 40 min ilə 100 min lari arasında olan təxminən 81 min vergi ödəyicisinə şamil olunacaq.

Parlament qanun layihəsini sürətləndirilmiş qaydada nəzərdən keçirir. Dəyişikliyə əsasən, əmlak vergisi üzrə mövcud 40 min lari gəlir həddi ləğv edilərək vahid 100 min lari həddi müəyyənləşdiriləcək.

Beləliklə, illik gəliri 40 min ilə 100 min lari arasında olan fiziki şəxslər əmlak vergisi ödəmək öhdəliyindən tamamilə azad ediləcəklər.

Qanun dərc edildiyi gündən qüvvəyə minəcək. Dəyişiklik 2025-ci ilin məlumatları əsasında fiziki şəxslərin əmlak vergisi üzrə bəyannamə təqdim etmək öhdəliyinin 2026-cı il noyabrın 1-dən gec olmayaraq yarandığı hallara və sonrakı vergi dövrlərinə şamil ediləcək.

Parlamentin Maliyyə-Büdcə Komitəsinin sədri Paata Kviçinadzenin sözlərinə görə, əmlak vergisindən daxil olan vəsait tamamilə yerli büdcələrə yönəldilir.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin 2025-ci il üzrə məlumatlarına əsasən, gəliri 40 min ilə 100 min lari arasında olan şəxslərin vergidən azad edilməsi nəticəsində 2026-cı il və sonrakı üç il ərzində bütün bələdiyyələr üzrə yaranacaq illik gəlir itkisi orta hesabla 22,3 milyon lari təşkil edəcək.

Hazırkı qanunvericiliyə əsasən, illik gəliri 40 min lariyə qədər olan ailələr əmlak vergisindən azaddır. Gəliri 40 min ilə 100 min lari arasında olan ailələr üçün vergi dərəcəsi əmlakın dəyərinin 0,05%-dən 0,2%-dək, 100 min laridən çox gəliri olan ailələr üçün isə 0,08%-dən 1%-dək müəyyən edilir.

Təklif olunan dəyişikliklə 40 min lari həddi aradan qaldırılacaq və əmlak vergisindən azadolma üçün 100 min lari vahid gəlir həddi müəyyən ediləcək.

Qanunvericiliyə əsasən, fiziki şəxslər mülkiyyətlərində olan daşınmaz əmlaka, o cümlədən başa çatdırılmamış tikililərə, binalara və onların hissələrinə, həmçinin yaxtalar, katerlər, helikopterlər, təyyarələr və minik avtomobilləri kimi daşınar əmlaka görə əmlak vergisinin ödəyicisi hesab olunurlar.

Əmlak vergisi öhdəliyinin yaranması və verginin məbləğinin müəyyənləşdirilməsi zamanı fiziki şəxsin və onun ailə üzvlərinin təqvim ili ərzində əldə etdiyi ümumi gəlirin məbləği əsas meyarlardan biri hesab olunur.

Bizi WhatsApp – da izləyin.