Ermənistanda yeni konstitusiya layihəsi dərc olunub: Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistanda yeni konstitusiyanın layihəsi dərc olunub və mətndə Müstəqillik Bəyannaməsinə heç bir istinad öz əksini tapmayıb.

Bu barədə Ermənistan mediasında məlumatlar yayılıb.

Konstitusiya layihəsinin preambulası bu cür ifadə edilib:

“Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə firavan bir dövlət qurmaq və onu nəsildən-nəslə ötürmək missiyasını rəhbər tutaraq, Ermənistan konstitusiyasını qəbul edirik”.

Layihədə, həmçinin vurğulanır ki, konstitusiya daxili və xarici münasibətlərin əsas prinsiplərinə dair kollektiv bir razılaşmadır.

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni konstitusiya layihəsini üçün xüsusi olaraq yaradılmış saytın keçidini paylaşıb:

“Əziz xalqım, Ermənistanın hörmətli vətəndaşları! Ermənistanın yeni konstitusiya layihəsini məhz bunun üçün yaradılmış xüsusi saytda təqdim etməkdən məmnunluq duyuram. Platforma hər bir vətəndaşın yeni konstitusiya layihəsi ilə maksimum rahat şəkildə tanış olması və öz təkliflərini verməsi üçün hazırlanıb. Saat 10:00-da canlı yayımda müraciət edəcəyəm. Bu, sənin konstitusiyandır”, – deyə Paşinyan qeyd edib.

Baş nazir Nikol Paşinyan vətəndaşlara müraciətində deyib: “Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycan ilə sülh sazişi imzalanacaq”.

O qeyd edib ki, özünün bütün mənəvi, siyasi və insani etibarlılığını bu məsələyə sərf edir. N.Paşinyan vəd verib ki, yeni konstitusiyanın qəbulu ilə təkcə sülh sazişi imzalanıb ratifikasiya olunmayacaq, eyni zamanda institusional sülh də təmin ediləcək.

Paşinyan bir daha təkrarlayıb ki, əgər vətəndaşlar referendumda yeni konstitusiyanın əleyhinə səs versələr, o zaman istefaya gedəcək, əgər onu dəstəkləsələr, bu halda növbəti seçkidə baş nazir postuna namizədliyini irəli sürməyəcək.

Bizi WhatsApp – da izləyin.