Faiq Quliyev 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib
Gürcüstanda 1989-cu il 9 Aprel hadisələrinin 35-ci ildönümü qeyd olunur. Dövlət və hökumət rəsmiləri, eləcə də vətəndaşlar Parlamentin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.
Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarcasına dağıdıb. Nəticədə 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.
Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir. Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Parlament binası qarşısındakı memorial abidə önündə anılır.