Yeni ildən pensiyalar və sosial yardımlar artırılır
2023-cü ildən pensiya və müxtəlif sosial müavinətlərin məbləği artırılır.
Bu barədə Gürcüstanın Maliyyə naziri Laşa Xutişvili Parlamentdə 2023-cü il dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib. Nazirin sözlərinə görə, sosial müdafiə proqramlarının maliyyələşdirilməsi ötən illə müqayisədə 640 milyon lari artırılaraq, 5 milyard 340 milyon lari təşkil edəcək.
Bundan əlavə qeyd olunub ki, yaşı 70-ə qədər olan şəxslərin pensiyası təxminən 300 lari, dağlıq statusu olan yaşayış məntəqələrində yaşayan 70 yaşadək şəxslərin pensiyası isə 355 lari olacaq. Nazirin sözlərinə görə, 70 və yuxarı yaşda olan təqaüdçülərin pensiyası dağlıq yerlərdə 440 lari, digər yerlərdə isə 365 lari təşkil edəcək.
Təqaüdlə yanaşı, 18 yaşına çatmamış ağır əlillərin aldığı sosial yardım 65 lari, digər kateqoriyadan olan əlillərin yardım məbləği isə 35 lari artırılacaq.