Azərbaycan-Gürcüstan əlaqələrinin 30 illiyinə poçt bloku təqdim olunub
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunan poçt markasının təqdimatı olub.
Nazirlikdən verilən məlumata görə, iki ölkənin Xarici İşlər nazirliklərinin dəstəyi ilə buraxılmış poçt markasında “Azərbaycan – Gürcüstan əlaqələri – 30 il” sözləri və dövlət bayraqları əks olunub. Bundan başqa, markada Azərbaycanın tarixi abidəsi Məhəmməd məscidi və görkəmli şairə Xurşidbanu Natəvanın heykəli, eləcə də Gürcüstanın memarlıq nümunələri Cvari monastrı və Kartlis Deda heykəli təsvir edilib.
Təqdimat zamanı Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze çıxış edərək əməkdaşlığa görə öz təşəkkürünü bildirib. “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov isə poçt markasının iki dövlət arasında diplomatik əlaqələrin 30-cu ildönümünə töhfə olduğunu vurğulayıb.
Sözügedən filateliya məhsulu 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Əlavə olaraq, 200 ədəd “Birinci gün” zərfi də təqdim olunub.