Faiq Quliyev Yunus Emre İnstitutunun Gürcüstan nümayəndəliyinə yeni təyin olunmuş icraçı direktoru ilə görüş keçirib
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Yunus Emre İnstitutunun Gürcüstan nümayəndəliyinə yeni təyin olunmuş icraçı direktoru ilə görüş keçirib.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində keçirilən görüşün əvvəlində Can Gürayı təyinatı ilə bağlı təbrik edən səfir Faiq Quliyev, Yunus Emre İnstitutunun çoxşaxəli və lazımi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Səfir Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hər sahədə yüksələn tempdə inkişaf etdiyini, bu əlamətdar nümunənin Gürcüstanda da davam etdirildiyini xüsusilə qeyd edib.
F.Quliyev Türkiyənin Gürcüstandakı Səfirliyi ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu, mütəmadi olaraq birgə tədbirlər təşkil edildiyini söyləyərək, bu timsalda Yunus Emre İnstitutu ilə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Can Güray səfirlə tanışlıqdan məmnunluğunu qeyd edərək, dost və qardaş Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ilə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Gürcüstan Azərbaycanlılarının Yunus Emre İnstitutunun təşkil etdiyi dərnəklərdə aktiv iştirakı, aşıq sənətinin Gürcüstanda təbliği və təşviqi baxımdan birgə layihələrin həyata keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.