Saqarecoda atışma olub, biri polis olmaqla 5 nəfər ölüb – FOTO
Saqarecoda biri polis olmaqla 5 nəfərin həlak olması ilə nəticələnən silahlı insident yaşanıb.
Belə ki, gecə, saat 1:00 radələrində Saqarecoda Daxili İşlər Nazirliyinin əməkdaşları 50 yaşlarında olan silahlı şəxsi saxlamaq üçün xüsusi əməliyyat keçiriblər.
Məlumata əsasən, polis əməkdaşlarını görən 1974-cü il təvəllüdlü silahlı şəxs, yaşayış binasının mənzillərindən birinin eyvanından avtomat silahla bir neçə dəfə atəş açıb. Bu zaman ərazidə olan biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bundan sonra hadisə yerinə əlavə polis qrupları səfərbər edilib və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları hadisə yerinə cəlb olunub.
Bir saat davam edən silahlı insidentdən sonra polis əməkdaşları evə daxil olmağı bacarıblar.
Nazirlikdən bildirilib ki, xüsusi təyyinatlılar evə daxil olan zaman silahlı şəxs özünü güllələyib.
Hadisəni törədən şəxsin Vaziani hərbi bölməsində xidmət edən və beynəlxalq missiyalarda iştirak etmiş keçmiş hərbi qulluqçu Nodar Atuaşvili olduğu bildirilir.
Onu da qeyd edək ki, gecə saatlarında Daxili İşlər Naziri Vaxtanq Qomelauri də hadisə yerinə gəlib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi və 236-cı maddənin 3-cü hissəsi, yəni ağırlaşdırıcı hallarda iki və daha çox şəxsi qəsdən öldürmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə maddələri ilə istintaq başladılıb.