Yol Təhlükəsizliyi ilə bağlı dəyişikliklər planlaşdırılır

Gürcüstanda məktəbəqədər yaşlı uşaqlar üçün avtomobillərdə uşaq oturacaqlarından istifadənin məcburi edilməsi planlaşdırılır.

Bu barədə Gürcüstan hökumətinin avqustun 5-də təsdiqlədiyi 2026–2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında qeyd olunub. Strategiyaya əsasən, uşaq oturacaqlarının istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Dəyişikliyin ilkin mərhələsində məktəbəqədər yaşlı uşaqların avtomobildə daşınması zamanı xüsusi uşaq oturacaqlarından istifadə məcburi olacaq.

Sənəddə qeyd olunur ki, yol hərəkəti iştirakçılarının ən həssas qruplarına piyadalar, uşaqlar, ikitəkərli nəqliyyat vasitələrini, o cümlədən motosiklet, moped və elektrik skuterlərini idarə edən şəxslər, eləcə də əlilliyi olan şəxslər daxildir. Bu qrupların təhlükəsizliyinin artırılması məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, valideynlər və uşaqlar üçün uyğunlaşdırılmış yol təhlükəsizliyi üzrə vahid onlayn təhsil platformasının yaradılması planlaşdırılır.

Bundan əlavə, yol təhlükəsizliyi mövzusunun məktəbəqədər təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur. Bunun erkən yaşlardan uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına kömək edəcəyi bildirilir.

Strategiyada həmçinin mövcud yol infrastrukturunun və gələcəkdə həyata keçiriləcək infrastruktur layihələrinin həssas qrupların daha yaxşı qorunmasına uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Piyadaların yol hərəkəti qaydalarına əməl etməsinin əhəmiyyəti ilə bağlı sosial kampaniyaların keçirilməsi də planlaşdırılır.

Eyni zamanda, elektrik skuterlərindən istifadə edən şəxslər arasında yol-nəqliyyat hadisələrinin və ölüm hallarının qlobal miqyasda artması nəzərə alınaraq, mövcud qanunvericilik çərçivəsinin təhlil ediləcəyi və onların təhlükəsiz istifadəsinin təmin olunması üçün müvafiq tövsiyələrin hazırlanacağı bildirilib.

Bizi WhatsApp – da izləyin.