Ötən il Gürcüstandan Azərbaycana ixrac edilən avtomobillərin sayı açıqlanıb

2022-ci ildə Gürcüstan Azərbaycana 308 milyon ABŞ dolları dəyərində 30 452 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən tədim etdiyi illik hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 8 490 ədəd və ya 21,8% azalıb, lakin dəyəri 60 milyon dollar və ya 24,1% artıb. 2021-ci ildə Gürcüstan Azərbaycana 248,4 milyon dollar dəyərində 38 942 ədəd avtomobil ixrac edib.

Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 98% artaraq 903,8 milyon dollara çatıb. Bu, ölkənin ümumi ixracının 16,2%-ni təşkil edib.
Avtomobil ixracı ötən il Gürcüstanın mis filizi və konsentratları ixracından (1 milyard 24 milyon dollar) sonra ikinci əsas ixrac istiqaməti olub.